Haqqımızda

Haqqımızda

    Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın və hüquq pozuntuların profilaktikası,  ədalət mühakiməsi zamanı tərbiyəvi xarakterli alternativ tədbirlərin tətbiqi, hüquq pozuntusu və cinayət törətməkdə şübhəli və təqsirli bilinən və ya cinayətin şahidi və zərərçəkən uşaqlarla rəftar və kommunikasiya sahəsində hüquq mühafizə orqanları və aidiyyəti dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədini daşıyan “YUVENAL.AZ”  elektron təlim kursu UNİCEF-in Azərbaycan Nümayəndəliyinin texniki və maliyyə dəstəyi və Azərbaycan Respubklikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən icra edilən “Uşaqlara qarşı zorakılığın effektiv qarşısının alınması istiqamətində milli sistemlərin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

   Bu elektron təlim kursu ədliyyə işçiləri, yetkinlik yaşına çatmayanların işlərinə baxan hakimlər, prokurorlar, vəkillər, prokurorluq və daxili işlər orqanlarının müstəntiq və təhqiqatçıları, digər aidiyyatı dövlət qurumlarının mütəxəssisləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları və yuvenal ədliyyə sahəsində tədris aparan müəllimlər üçün tövsiyyə edilir.

   Azərbaycan Respublikası uşaq hüquqlarına dair fundamental beynəlxalq sənəd olan BMT-nin Uşaq Hüquqları Konvensiyasının iştirakçısıdır. Azərbaycan BMT-nin Uşaq Hüquqları Komitəsinə son dövri hesabatının nəticələrinə əsasən BMT-nin Uşaq Hüquqları Komitəsinin Yekun Tövsiyələrini qəbul etmişdir. Yekun Tövsiyələrdə hüquq mühafizə orqanlarının uşaqlarla işləyən əməkdaşlarının uşaqyönümlü yanaşma, uşaq hüquqları və uşaq müdafiəsi sahəsində ixtisaslaşmasının zəruriliyi qeyd edilmişdir.

  Bu baxımdan, “YUVENAL.AZ” elektron təlim kursunun yaradılması hüquq sahəsində  ixtisaslaşmış kadrların hazırlanmasında, uşaqlar və yeniyetmələrlə çalışan əməkdaşların yetkinlik yaşına çatmayanlara uşaqyönümlü ədalətli yanaşma və davranış nümayiş etdirməsində müsbət rol oynayacaqdır.